SIZƏ ƏN UYĞUN IŞ. DÜZGÜN CV HAZIRLAMAĞIN QAYDALARI.

    

     Tarix boyunca insanlar özünə ən uyğun peşənin müəyyən edilməsi üçün əlindən gələni etmişdir. Məncə, hər birimiz həyatımızın müəyyən dövrlərində iş axtarmışıq, hətta bəzilərimiz bu saniyə belə iş axtarır. Bəs, iş axtararkən kriteriyalarınız arasında özünüzə ən uyğun işi tapmaq dururmu ?

58428730_23843319727070661_6118585335862525952_n.png

   Reallıq budur ki, son dövrlərdə Azərbaycanda qəribə bir tendensiya yaranıb ki, insanlar xüsusilə də, gənclər iş axtararkən yeni iş yerinin onların gələcək inkişafına edəcəyi faydalardan daha çox maddi ayrıntıları düşünürlər. Deyə bilərsiniz ki, maddi rifaha çatmaq və çoxlu qazanc əldə etmək işləmənin təməl səbəbidir. Ancaq maddi qazanc əldə edərkən zövq almaq, hər gün yeni bir məlumat əldə etmək və sənə gələcəkdə faydalı ola biləcək insanlarla tanış olmaq da mümkündür.

58540476_23843319713180661_4643270331748843520_n.png

    Yuxarıda sadalananların aktual olmsı üçün ilk öncə hər işaxtaran şəxsin öz bilik, bacarıq və haqqında təməl informasiyanın toplanıldığı bir CV hazırlaması mütləqdir. Bu da öz növbəsində müəyyən bir təcrübə tələb edir. Hal-hazırda yüksək keyfiyyətli CV hazırlamaq çox əhəmiyyətli hal alıb, çünki, ölkəmizdə demək olar ki, hər bir müəssisədə peşəkar İnsan Resurslarının idarə edilməsi üzrə mütəxəssis mövcuddur ki, onların diqqətini çəkmək artıq o qədər də asan deyil. Əlbəttə ki, təkcə peşəkarcasına hazırlanmış CV istədiyiniz işə qəbul olmaq üçün yetərli deyil. İlk öncə sizin haqqınızda qeyd edilən bütün məlumatlar doğru və işləmək istədiyiniz müəssisənin kriteriyalarına uyğun olmalıdır. Sizin bilik və bacarıqlarınız, uğurlu hazırlanmış CV-lə bir araya gəldikdə sizə ən uyğun işin tapılması çox rahat olur.

58282127_23843319715190661_6035579324726247424_n.png

      Bəs, peşəkar CV hazırlamaq üçün nələri bilmək, hansı formada hazırlamaq və nələri qeyd etmək lazımdır. Gəlin bütün bunlara aydınlıq gətirək. İlk öncə bilmək lazımdır ki, sizin rezümeniz sizin bir növ vizit kartınızdır və yetəri qədər qısa olmasına baxmayaraq sizinlə bağlı bütün məlumatlar onda öz əksini tapmalıdır. Gəlin hər bir CV-nin təməlini təşkil edən bəndlərə nəzər yetirək.

  • Ad, soyad və ata adınız. Bu məlumat sizinlə bağlı ən önəmli məlumatdır və ən yuxarı hissədə, iri şriftlərlə yazılmalıdır. 

  • Şəkliniz. Hər bir rezümenin ən önəmli parçasıdır. Şəkilsiz CV-lər işəgötürənlər tərəfindən çox ciddiyə alınmır. Rezümeyə qoyulacaq şəklin harada çəkildiyi sizin şəkildə hansı geyimdə, hansı formada olduğunuz xüsusi önəm daşıyır. Şəkliniz mümkün qədər rəsmi olmalıdır. Şəkildə siz rəsmi və yaxud çox sadə geyimdə, saqqalsız və rəsmi bir şəkilə yaraşacaq saç düzümündə olmalısınız. İstirahət zamanı, gəzintidə, toyda çəkilən şəkillərin və selfilərin CV-ə yerləşdirilməsi qeyri-peşəkarlıq göstəricisidir.

  • Əlaqə vasitələri. Bu bölmədə sizinlə əlaqə saxlamaq üçün lazım olan telefon nömrələri və adresləri bildirməlisiniz. Rezümenin tam olması baxımından həm ev, həm də, mobil nömrələrin verilməsi daha məqsədəuyğundur. Diqqət olunması lazım olan nüans burdadır ki, göstərilən əlaqə nömrələri mütləq şəkildə işlək olmalıdır. Yaşayış ünvanızı bildirmək məcbur deyildir, ancaq hər ehtimala qarşı bildirilməsi məqsədə uyğundur. Məsələ burasındadır ki, bəzi vakansiyalar zamanı iş yerinə yaxın olan ərazilərdə yaşayan şəxslərə üstünlük verilir və ünvanınızın bildirilməsi belə hallarda sizə yardımçı olacaqdır.

  • İddia etdiyiniz vəzifə. Bu bölmədə əsasən iddia etdiyiniz vəzifədən əlavə həm də özünüzün bu vəzifə haqqında olan fikirlərinizi, bu vəzifəyə uyğun olduğunuzu düşünmək üçün səbəbiyyət verən bacarıqlarınızı bildirə bilərsiz.

  • Təhsiliniz. Təhsiliniz haqqında məlumatlar geniş və aydın olmalıdır. Qaranlıq heç bir məqamın qalmasına imkan vermədən, orta məktəbdən başlayaraq bütün təhsil aldığınız müəssisələri və təhsil aldığınız illəri qeyd edin. Əlavə olaraq keçdiyiniz treninqlər, kurslar və staj keçdiyiniz müəssisələrlə bağlı məlumatlar qeyd olunmalıdır.

  • İş təcrübəniz. Eynilə təhsil bölməsində olduğu kimi burada yazılan bütün məlumatlar ətraflı olmalıdır. Bu hər bir işəgötürən tərəf üçün CV-nin ən vacib hissəsidir. Burada bütün məlumatlar dəqiq və doğru olmalıdır. İstənilən bir yanlış məlumat gələcək karyeranız baxımından sizə çətinlik yaradacaqdır. Bölmədə sonuncu işlədiyiniz (cari) iş yeri də daxil bütün iş təcrübənizlə bağlı aşağıdakı məlumatlar olmalıdır:

    1. İşə daxil olma tarixi
    2. İşdən çıxma tarixi
    3. İşlədiyiniz şirkətin adı
    4. Sizin tutduğunuz vəzifə

  • Peşəkar vərdişlər. Karyeranızda ehtiyac duyula biləcək bütün biliklərin qeyd olunması məqsədəuyğundur. Bütün kompüter bilikləriniz, istifadə edə bildiyiniz ofis texnikası və s.

  • Dil bilikləriniz. Bildiyiniz bütün xarici dillər haqqında tam məlumat verilməlidir. Bildiyiniz dillərlə yanaşı, dilləri hansı səviyyədə (başlanğıc, orta, səlis) bildiyinizi qeyd edin.

  • Sertifikatlarınız və s. Əgər əldə etdiyiniz hər hansı sertifikatlar çap olunan məqalələr, portfolio kimi əlavə qaynaqlar varsa burada qeyd olunmalıdır.