ONLAYN ÖDƏNIŞ– TƏHLÜKƏ YOXSA KOMFORT

    Hamımız öz həyatımızı normal səviyyədə yaşamaq üçün dayanmadan çalışır, işləyir və bunun müqabilində müəyyən qazanc əldə edirik. Bu qazanc nə qədər çətin yolla qazanılırsa, qazandığımız vəsaitin xərclənməsi də bir o qədər düşünülmüş addımlarla olmalıdır. Uşaqlıq zamanında, bir çoxumuza öyrədilən hekayələrdə belə qazanılan bir manatın belə nə qədər vacib və mənəvi baxımdan dəyərli olduğu göstərilmişdir. Bu tip tərbiyyə ilə böyümüş və şuuraltında zəhmətlə qazandığı hər bir qəpiyi qoruma düşüncəsi oturmuş bir insan, hər nə qədər müasir həyata alışsa da, onlayn ödəniş sistemlərinə inamın o insanda yaranması çox çətin prosesdir. Bu səbəbdən, xüsusilə şərq ölkələrində fəaliyyət göstərən onlayn alış-veriş saytları, ödəniş strategiyasını sadəcə onlayn olaraq deyil, həmçinin nəğd olaraq formalaşdırır.

credit.png

Bu barədə ölkəmizdə mövcud olan düşüncəyə nəzər salsaq görərik ki, bizdə onlayn ödənişə inamsızlıq bəzən daha qatı formada ortaya çıxa bilir. Əlbəttə ki, buna bir neçə səbəb vardır ki, bunlar sırasında əsla bizim təhsilsiz olmağımız və ya keçmiş düşüncəli olmağımız durmur. Azərbaycan hər zaman bu baxımdan bir çox ölkədən daha öndə olub. Burada əsas məsələ bizim cəmiyyətimizdə olan və sovet ideologiyasının bir məhsulu olan insan faktoruna inamsızlıqdır. Reallıq budur ki, SSRİ –nin hökm sürdüyü zamanlarda, ölkəmizə gətirilən bir çox yenilik, bir zaman sonra insanımıza bir çox narahatlıq və mənfi nəticələr gətirib. Müstəqillik dövründən sonra, hər nə qədər insanlar bunun o dövrdə vacib olan müstəmləkəçilik strategiyasının məhsulu olduğunu anlasa da, yenə inamsızlıq hissi bizim yaxamızı buraxmadı.

bill.png

Zaman dəyişir və artıq ölkəmizdə bir çox onlayn alış-veriş portalları fəaliyyət göstərir ki, bunlar sırasında hətta çox rahat qida və qeyri-qida məhsulları əldə edə biləcəyimiz onlayn supermarketlər belə var. Bütün bu onlayn alış-veriş saytları əlbəttə ki, bizi düşünərək nəğd ödəniş və ya qapıda ödəniş kimi bir çox optimal ödəniş yolları təklif etsədə, mənim fikrimcə hələ də, ödənişin ən rahat yolu məhz onlayn şəkildə bank kartları vasitəsiylə olandır. Bu fikrə gəlməyimdə bir neçə səbəb vardır ki, bu gün sizə məhz bu haqda danışmaq istəyərdim.

billonline.png

İlk öncə nəzərə almaq lazımdır ki, onlayn alış – veriş sisteminin, bir xidmət olaraq fəaliyyətə başlamasının əsas məqsədi vaxta qənaət və rahatlıqdır. Adı çəkilən üstünlüklər, bir növ bu sistemin ən böyük silahlarıdır. Məsələyə bu baxımdan nəzər saldıqda, onlayn ödəniş sistemindən imtina bir növ insanın öz komfortundan imtina etməsi deməkdir. Ancaq yuxarıda qeyd etdiyim kimi bu imtinanın da bir neçə səbəbi vardır və gəlin onlara bir nəzər salaq.

  • İtirmək qorxusu. Bu səbəb hal-hazlırda ən aktual səbəbdir. Bütün dostlarıma, ailəmə və yaxınlarıma onlayn alış – verişlə bağlı yardım edən biri kimi, vurğulamaq istəyərdim ki, gün ərzində bir neçə dəfə “Filan saytda xoşuma gələn filan məhsul var, amma birdən sifariş versəm pulum batar, məhsul da gəlməz” cümləsini eşidirəm və əminəm ki bir çoxunuz nə vaxtsa bu cümləni qurmusunuz.  Burada ilk olaraq anlamaq lazımdır ki, əgər sən güvənilir olmayan, rəsmi şəkildə fəaliyyət göstərməyən və bilinməyən bir mənbədən nəisə sifariş versən əlbəttə ki, pulunu itirmək qorxusu ilə qarşı-qarşıya qalacaqsan. Yox əgər sifariş vermək istədiyin sayt və mağaza rəsmi fəaliyyət göstərən, rəsmi saytı, sosial media hesabları və baş ofisi olan bir yerdirsə, bu zaman onlayn ödənişdən çəkinmək lazım deyil. Çünki heç bir böyük maştablı müəssisə, hər hansı bir məbləğə görə öz nüfuzunu ayaq altına almaz. Bu səbəbdən itirmək qorxusundan qurtulmaq ən məqsədə uyğun addımdır.

    itirmekqorxusu.png
  • Texniki səhvlər. Bu səbəbin əsası ondadır ki, bir zamanlar onlayn ödəniş sistemlərində müəyyən texniki problemlər nəticəsində bir çox insan öz pulunu itirmişdir. Ancaq nəzərə almaq lazımdır ki, bu hadisələr uzun illər əvvəl baş vermişdir və hal-hazırda bu tip halların baş verməsi demək olar ki, mümkün deyil. Ancaq belə bir halla qarşılaşdığınız zaman belə, pulunuzun sizə geri qaytarılması üçün zəruri bütün addımlar mövcud ödəniş sistemləri və bankınız tərəfdən atılacaqdır. 

    help.png

  • Əfsanəvi onlayn oğurluq. Gündəlik olaraq sosial şəbəkələrdə milyonlarla pul oğurlamış, insanların hesablarını “hack” etmiş və ya banklar virtual olaraq soymuş insanlar haqqında postlar paylaşılır. Məhz bu postlar və yalan xəbərlər nəticəsində insanlar inamsızlıq hissi yaşayırlar. Əlbəttə ki, bu işlərlə məşğul olan insanlar var və bu tip hadisələr baş verir, ancaq yazılın pozulan həcmdə yox. Bütün bu sadalananları həyata keçirən şəxslər qanun qarşısında cavab verir və dövlət və banklar tərəfindən itirilən vəsait bir çox hallarda konpensasiya edilir.

    hackergroup.png

Bütün danışılanları nəzərə alsaq demək olar ki, onlayn olaraq ödəniş etmək o qədər də, qorxulu və yaxud qacınılası bir məsələ deyildir. Əksinə şəxsi fikrimcə sıx istifadə olunmalı və rahat bir xidmətdir. Məncə hər birimiz bütün kommunal ödənişlərimizi, geyim və gündəlik market alış – verişlərimizi bir kliklə həyata keçirib, bir kliklə də ödəmək istəyərik. Bunun üçün sadəcə dövrümüzə ayaq uydurub və bu dövrün bizə verdiyi texnoloji rahatlıqlardan istifadə etmək lazımdır.