XARICI DIL ÖYRƏNMƏNIN ASAN YOLLARI

    

     Hər halda indi durub xarici dil öyrənmənin önəmindən danışsam qəribə olacaq. Azərbaycanda hər kəs həyatının bir yerində xarici dil öyrənməyə cəhd edib ki, böyük ehtimal bu cəhdlər başlarda çox uğurlu olmayıb. Qəribəsi odur ki, biz hər birimiz xarici dilləri öyrənməyə məktəbdən başlayırıq, ancaq təhsil sistemindəki bəzi boşluqlar və insan faktoru imkan vermir ki, xarici dillərə yiyələnək. Məktəbdə ana dilimizə belə yiyələnən şagird sayının nə qədər az olduğunu gördükdə mən bu məsləyə çox normal yanaşıram. Ancaq təhsilimiz haqqında danışmaq istəmirəm, toxunmaq istədiyim mövzu başlıqdan da göründüyü kimi xarici dil öyrənmənin müasir yollarıdır. Müasir sözünü yadda saxlamanızı tövsiyyə edirəm.

ingilis.png

    Mənim fikrimcə xarici dillərin öyrənilməsiylə bağlı bu günə qədər deyilən ən təsiredici aforizm, “ Əgər siz iki dil bilmirsinizsə, heç bir zaman bir dili anlaya bilmərsiniz” cümləsidir. Məhz bu səbəbdən hər birimiz bu və ya digər formada yeni dillər öyrənməyə çalışırıq. Bəs dil öyrənmək çətin gəlirsə nə etmək lazımdır ? Xarici dil öyrənmənin asan yolları varmı? Bu suallar hər zaman maraq yaradır. Bu səbəbdən, bu gün sizə özüm üçün müəyyən etdiyim bir neçə qısa yol haqqında danışmaq istəyərdim:

    Məqsəd. İlk tövsiyyəm, hər şeydən öncə xarici dili hansı məqsədlə öyrəndiyinizi müəyyənləşdirməkdir. Gələcəkdə sizə lazım olacaq dilləri öyrənməyə çalışın. Koreyada bir aktyoru bəyənirəm ona görə koreya dilini öyrənməliyəm kimi məqsədlər qoymaq tövsiyyə olunmur. “Xarici dil öyrənmək istəyirəm” deyib işə qoyulmaq yetərli deyil, ilk öncə hal-hazırki dil bilik səviyyənizi müəyyən edin, daha sonra isə çatmaq istədiyiniz səviyyəni. Hər gün kiçik bir addım ataraq müəyyən bir vaxta artıq istədiyiniz səviyyəyə çatacaqsınız.

      Səhv edin. Öyrənmənin ilkin prinsipi olduğuna görə əminəm ki, hər biriniz bu haqda xəbərdarsınız. Səhv etmədən hər hansı bir şeyi öyrənən birini tanıyırsınızsa ondan bərk-bərk yapışın, çünkü ideal insan olmaq ehtimalı çox böyükdür. Ancaq siz bizim kimi sadə insansınızsa o zaman mümkün olduqca səhvlər edin. Etdiyiniz hər səhv sizə yeni bir bilgi olaraq geri qayıdır bunu unutmayın. 

     Qramatikanı öyrənməyin. Yox əgər siz İngiltərədə və ya dilini öyrəndiyiniz hər hansı bir ölkədə filoloq olaraq işləmək istəyisinizsə, o zaman bəli qramatika çox önəmlidir. Əlbəttə ki, hər bir dilin qramatikasına yiyələnmək önəmlidiri, ancaq ilk başlarda cümlə qurmağa çalışarkən qramatik baxımdan cümlənin düzgünlüyü haqda düşünməməlisiz. Reallıq budur ki, insan hər hansı bir dilin aurasına daxil olduqda, həmin dilin qramatikasına da yiyələnir. Buna hər halda ən böyük nümunə uşaqlardır. Onlara ilk başda heç kim qramatika öyrətmir, onlar müəyyən qramatik qaydaların praktikada necə işlədiyini qavrayırlar. Bu məsələyə toxunmuşkən onu da deyim ki, uşaqların yetişkin insanlara nəzərən dili yaxşı öyrənməsi əhvalatı böyük bir yalandır. Hətta sizə bir sirr açım ki, biz onlara nəzərən xarici dilləri daha sürətli öyrənirik. Nəisə mövzudan kənara çıxmayaq. Bəli düzdür ki, dilin strukturunu anlamaq lazımdır, ancaq onu anlamaq üçün qramatikanı saatlarla öyrənmək lazım deyil, sadəcə istifadə etmək lazımdır. 

59529231_6118512919352_1272013800899346432_n.png

      İnternet resurslardan istifadə. Bir zamanlar xarici dil öyrənmək üçün internet istifadəsi dedikdə sadəcə xarici vətəndaşlarla Skype vasitəsiylə danışıqlar nəzərdə tutulurdu. İndi isə internet, dillərin mənimsənilməsi baxımından önəmli bir faktordur. Bu səbəbdən internet resurslardan istifadə etməyinizi təkidlə tövsiyyə edirəm.

      Dinlə və təkrarla. Xarici dillərin öyrənilməsi üçün ən önəmli vasitələrdən biridə audio kitablardır. Audio kitabları istədiyiniz zaman internet üzərindən yükləyə bilərsiniz. Bu kitablar vasitəsiylə siz dinlədiyiniz informasiyanı daha yaxşı qavrayırsınız. Kitabları seçərkən hal-hazırki dil bilik səviyyənizə uyğun olmasına diqqət edin. Ən əsası isə eşitdiyiniz hər bir frazanı, çətin sözləri və maraqlı gələ cümlələri dəfələrlə təkrar edin.

59586885_6118513205152_3254987935035949056_n.png

     Özünüzü dinləyin. Xarici dillərin öyrənilməsində ən böyük problem, öz danışığınızın kənardan necə səsləndiyini bilməməkdir. Buna görə də, öz danışığınızı smartfona yazın və dinləyin. Sözlərin deyiliş tərzində olan səhvləri müəyyənləşdirin və düzəltməyə çalışın.

Bir çox insan öz aksentindən utanaraq, xarici dildə danışmağa utanır. Ancaq aksentdən utanmağa ehtiyyac yoxdur, əksinə aksentiniz sizin danışığınıza müəyyən bir şirinlik və təbiilik qatır. Məncə hər biriniz bilirsiniz ki, Hindistanda ingilis dili rəsmi dillərdən biridir və geniş istifadə olunur. Hindlilər ingilis dilini çox yüksək səviyyədə bilmələrinə baxmayaraq açıq nəzərə çarpan aksentlə danışırlar ki, buna heç kim əhəmiyyət vermir. Elə buna görə də , bu barədə çox narahat olmayın.

     Dosta zəng. İnsanın dostlarının olması ən çox belə anlarda işə yarayır. Xarici dil öyrənməyə hər hansı bir dostunuzla başlamaq hər zaman daha rahatdır və yaxud xarici dil bilən dostunuzun olması. Məsələn əgər hər hansı bir dostunuz sizin öyrənmək istədiyiniz dili bilirsə o zaman siz bir-birinizlə həmin dildə ünsiyyət qurmağa çalışın. Bu həm dil bilginizi yüksəldəcək, həmçinin dostlarınızla aranızda olan sirrləri artıq hər kəsin içində rahat müzakirə etmə imkanı verəcəkdir.

     Canlandırma. Bu bənd dil biliyinizin inkişafı və söz bazanızın genişlənilməsi üçün ən faydalısıdır. Yolda gedərkən, evdə televizor izləyəndə və ya sizə maraqlı olmayan insanlar dayanmadan sizə mənasız hekayələr danışan zaman, xəyalınızda müəyyən situasiylar canlandırmağa çalışın. Marketdən ingilis dilində necə kolbasa aldığınızı, çincə necə bir xanımla tanış olduğunuzu, fransızca birinə komplement etdiyinizi və s. Burada əsas məqsəd dil biliyinizdə olan boşluqları və bilmədiyiniz sözləri müəyyənləşdirib inkişaf etdirməkdir. Mümkün olduqca bu məşqləri tez-tez təkrarlıyın.

59350119_6118513249352_6712526703844917248_n.png

     Xüsusi mobil app-lərdən istifadə edin. Hal-hazırda həm İOS həm Android üçün çoxlu sayda xarici dil biliyinizi artırmaq və dil öyrənmək üçün app-lər mövcuddur. Onlardan aktiv şəkildə istifadə edin. Onlar arasında bir neçəsi mövcuddur ki, həmin app-lər vasitəsiylə yeni dillərə yiyələnmək artıq çox rahat bir hal alıb. Daha ətraflı məlumat üçün bloqumuzda digər bir məqaləyə nəzər salmanız yetərlidir 

59401515_6118513091552_6904006129836097536_n.png

Hansı yollardan istifadə edəcəyinizdən asılı olmayaraq, unutmamaq lazımdır ki, xarici dil öyrənmək üçün hər şeydən öncə istək və məqsəd lazımdır. Və unutmayın ki, yeni dil doğrudan da yeni dünya, yeni təəsüratlar, yeni tanışlıqlar və yeni imkanlar deməkdir. Özünü bu zövqdən məhrum qoymayın.