MOBIL FOTOQRAFIYANIN SIRRLƏRI


Hər nə qədər son dövrlərin bəlası olaraq göstərilsə də, mobil telefonlar xüsusilə də, smartfonlar həyatımıza bir çox faydalı və rahat yeniliklər qatmışdır. Hər halda, bu yeniliklərdən ən faydalısı foto və videokameraların artıq sadəcə bir cihazda toplanılmasıdır. Hal-hazırda smartfon sektorunun inkişafı ilə əlaqədar olaraq, mobil telefonlarda istifadə olunan kameralar çox yüksək səviyyəyə çatmışdır. Bunun nəticəsi olaraq, artıq hər kəs mobil fotoqrafiya sahəsinə meyllənmişdir. Bəs, mobil fotoqrafiyanın təməl sirrlərini öyrənməyə hazırsınızmı ? Bu gün sizə mobil fotoqrafiyanın 10 təməl sirri haqqında danışmaq istəyirəm.
İlk olaraq, gəlin onları sıralayaq:
  1. İdeya

  2. Saat

  3. Obyektiv hər zaman təmiz olmalıdır

  4. Sabit əllər

  5. İşıq

  6. Zoom

  7. Çəkiliş rejimləri

  8. Fotoredaktorlar

  9. Əlavə obyektivlər

  10. Təcrübə


İdeya. Ümumiyyətlə, hər hansı bir fotonun çəkilməsi üçün müəyyən bir ideyanın olması mütləqdir. Şəkil gərək ilk baxışdan cəlb etməli və hisslər oyatmalıdır. İncəsənətin təməli, məhz budur. Ətrafda baş verən hadisələri diqqətlə izləyin, bəlkə də, bizim belə xəbərimiz olmadan ətrafımızda yüzlərlə möhtəşəm şəkillərə səbəb ola biləcək hadisələr baş verir, tək ehtiyac duyulan bu hadisələri əks etdirə biləcək şəkillərin çəkilməsidir.

cups.png

Hər hansı bir yerə səyahət etdikdə, ölkə xaricində olduqda və yaxud gözəl bir məkanda olanda, ən qeyri-adi və gözlənilməz yerlərə diqqət yetirin ki, başqalarının görə bilmədiyi maraqlı anları siz görüb çəkə biləsiniz. Hər zaman anı yaxalayıb şəkil çəkməyə hazır olun. Bir çox şəkil çəkin ki, sonradan onlar arasında ən yaxşılarını seçə biləsiniz.

 Saat. Çəkiliş üçün ən optimal saatı müəyyən etmək önəmlidir. Günün bəzi saatları fotoqraflar baxımından çox önəmlidir. Əlbəttə ki, istənilən anda şəkil çəkə bilərsiniz, ancaq qəbul olunmuş bir qayda var ki, səhər və axşamüstü çəkilən fotolar hər zaman daha gözəl alınır. Buna səbəb günün o saatlarında işığın günortaya nisbətən daha yumşaq olmasıdır. Yumşaq işıq üzün dərisini daha xoş edir, uzun kölgələr detalları daha qabarıq formada ortaya çıxarır və şəkilə həcm verir.

travel.png

Obyektiv hər zaman təmiz olmalıdır. Adından da, bəlli olduğu kimi bu başlıqda, mobil telefonlarda olan foto obyektivin təmiz saxlanılmasının vacibliyinə toxunmaq istəyərdim. Peşəkar və yarı peşəkar fotoaparatlardan fərqli olaraq smartfonlarda obyektivlərin üzəri açıq olur, bu da, öz növbəsində obyektivin çirklənməsinə və cızılmasına gətirib çıxarır. Bu səbəbdən obyektivin üzəri gün ərzində bir neçə dəfə xüsusi mikrofiber parçadan hazırlanan dəsmallar vasitəsi ilə ehmalca silinməlidir.

phone.png

Sabit əllər. Fotoqrafiyanın təməl prinsiplərindən biridir. Nəzərə alsaq ki, mobil telefonla çəkilən fotoşəkillərin böyük hissəsində telefon sadəcə əllər vasitəsi ilə tutulur və bu prinsip mobil fotoqrafiya üçün daha aktualdır. Əgər hər hansı bir ştativ və ya digər qurğulardan istifadə olunmursa, bu halda, əllərinizi mümkün qədər sabit saxlamaq daha məqsədə uyğundur. Əgər həm əllərinizi sabit saxlayıb, həm də, düyməyə basmaq mümükün deyilsə, o zaman “timer” rejimindən istifadə etmək daha məqsədəuyğundur.

phone1.png

İşıq. Demək olar ki, fotoqrafiya sahəsində ən vacib nüanslardan biri də işıqdır. Əbəs yerə deyil ki, fotoqraflar işığa bu qədər önəm verirlər. İşıq hər bir şəklin ab-havasını və kompozisiyasını yaradır, effektivliyini təmin edir.

studio.png

İşıq əsas obyektin arxasında qalmalı deyil, tam olaraq üzərinə düşməlidir. Əlbəttə ki, əgər işıq məqsədli şəkildə fonu ayrıca ortaya çıxarmaq üçün istifadə olunmursa. Mümkün qədər günəşə qarşı və yaxud işıq mənbəyi olan hər hansı obyekt istiqamətində şəkil çəkməyin, əgər belə məcburiyyət varsa bu zaman flaş işıqdan istifadə edə bilərsiniz. Flaş işıqdan mümkün qədər uzaq olmaq lazımdır, qaranlıqda bu formada şəkil çəkmək əvəzinə, əsas obyektə digər telefon vasitəsi ilə işıq salmaq daha məqsədə uyğundur.

photo.png

Əsas diqqət etməli olduğunuz məsələ əsas obyektlərin qaranlıqda olmamasıdır. Bu halda obyektlər daha dəqiq olaraq əks olunacaqdır. Şəkil çəkərkən hər zaman kölgənizə də diqqət etməlisiniz ki, şəkillərdə əks olunmasın.

Zoom. Hal-hazırda mövcud yeni model smartfonlarda hər nə qədər inkişaf etmiş zoom texnologiyaları mövcud olsada da, bir çox insan bu texnologiyalara sahib olmayan mobil telefonlardan istifadə edir. Bu baxımdan tövsiyyə olunur ki, mümkün qədər şəkil çəkərkən zoom-dan istifadə etməyin, çünki, bu halda şəkillər öz dəqiqliyini itirir və daha keyfiyyətsiz hala düşür.

zoom.png

Çəkiliş rejimləri. Hər bir smartfonda müxtəlif çəkiliş rejimləri mövcuddur ki, bu rejimlər haqqında daha ətraflı məlumat əldə edib və onlardan istifadə etmək hər zaman fotoşəkillərinizin daha canlı və keyfiyyətli olmasını təmin edir.
zoom1.jpg

Son dövrlərdə çox aktual olan HDR rejimi buna çox gözəl nümunə ola bilər. Bu rejim günəşli havalarda statik peyzajların çəkilməsi üçün istifadə edilməsi daha aktualdır. Bu rejimdə kamera iki şəkil çəkir (işıqlı və qaranlıq) və sonra onları bir şəkildə birləşdirir ki, bütün detallar dəqiq şəkildə ortaya çıxsın. Hərəkət edən hər hansı obyektin çəkilişləri zamanı HDR-dan istifadə etmək məqsədəuyğun deyildir, çünki, bu zaman kadr bulanıq alınacaqdır.

Fotoredaktor. Fotoredaktorlardan çox istifadə etməyə çalışın. Hal-hazırda Play Store və Appstore-da yüzlərlə bu tip fotoredaktorlar mövcuddur. Mənim sizə şəxsi olaraq tövsiyyə edə biləcəyim iki redaktor Snapseed və VSCO –dur. Bu fotoredaktorlar vasitəsi ilə siz şəkillərdə olan müəyyən defektləri aradan qaldıra, şəkilləri işıqlandıra və ya kəsə bilərsiniz.

photoredactor.jpg

Əlavə obyektivlərdən istifadə. Hal-hazırda fotoqrafiya sahəsində ixtisaslaşmış istənilən mağazada mobil telefonlar üçün əlavə obyektivlər satılır ki, bunlardan da istifadə etsəniz şəkilləriniz daha diqqətçəkən və maraqlı olacaqdır.

camera.png

Təcrübə. Hər bir sahədə olduğu kimi mobil fotoqrafiya sahəsində də, təcrübə önəmli rol oynayır. Mümkün qədər tez-tez və çoxlu sayda şəkillər çəkin. Başqalarına maraqlı gəlməsə belə, sizə maraqlı gələ biləcək hər bir anı yaxalamağa çalışın. Nəzərə alın ki, incəsənət peşəkar və ya həvəskar formada fərqi yoxdur, ilk öncə, insanın özünə zövq verməlidir.

nature.png

nature1.png

nature2.png